Həftələrlə saymaq daha rahatdır: bu körpəni gözlədiyiniz bütün dövr ərzində ananın və uşağın vəziyyətinə daha diqqətlə nəzarət etməyə imkan verir. Lakin dəqiq hamilə qalma tarixini müəyyən etmək həmişə mümkün olmur və hamiləlik müddətinin hesablanması son menstrual dövrənin birinci günündən aparılır (bu zaman yumurtalıqda toxum hüceyrəsi yetişir ki, 14-15 gündən sonra da o spermatozoidlə mayalanır). Buna görə də həkimin müəyyən etdiyi hamilə qalma tarixi real tarixdən iki həftə fərqlənə bilər. Bu hamiləliyin 1-ci həftəsinə də aiddir.
NƏ BAŞ VERİR?
Hamiləliyin 1-ci həftəsi – faktiki olaraq hələ hamiləlik deyil. Qadın orqanizmi hələ toxum hüceyrəsinin çıxmasına hazırlaşır. Hər ay sizin mərkəzi sinir sisteminiz 300 000 qadın hüceyrəsindən birinin (nadir hallarda isə bir neçəsinin) mayalanmasına hazırlaşmaq üçün hormonal fonunu dəyişir. Orta hesabla proses təxminən iki həftə çəkir. Yetişmiş toxum hüceyrəsinin spermatozoidlə qarşılaşdığı və mayalanmanın baş verdiyi halda, yeni həyat yaranır. İndi isə sizdə növbəti menstrual qanaxma var. Belə ki, uşaqlıq boşluğu “köhnə” endometridən təmizlənir və eyni zamanda gələcək embrion üçün yararlı ola biləcək yeni qatla örtülməyə başlayır.
SİZİN ƏHVALINIZ
Hələlik sizin uşağınız real orqanizm yox, hələ “ideyadır”. Mayalanma hələ iki həftədən sonra baş verəcək, hamiləliyin ilk əlamətləri və simptomları isə daha sonra meydana çıxacaq. Buna görə də bu “müddətdə” hər hansı xüsusi hisslərdən danışmaq tezdir. Bu dövrdə siz, çox güman ki, yaxın doqquz ayda sizi nə gözlədiyini təxmin etmirsiniz.
Bu həftə sizdə menstruasiya olduğuna görə qarın bir qədər böyüyüb. Bu normaldır, cəmi bir neçə gündən sonra o daha düz olacaq. Orqanizmin bütün qüvvələri toxum hüceyrələrinin hasilinə yönəlib, hormonal yenidənqurma gedir, buna görə də, siz qıcıqlanmış ola bilərsiniz. Bir çox qadınlarda menstrual qanaxmalar qarının aşağısında, bəzən isə bel nahiyəsində kəsilməyən ağrı ilə müşayiət olunur. Doğuşdan sonra ağrı bir qədər kütləşə və ya ümumiyyətlə sizi narahat etməyə bilər.
TÖVSİYƏLƏR
Yadda saxlamaq lazımdır ki, hamiləliyin 1-ci həftəsi nəzəri xarakterə malikdir, lakin, siz ana olmağa hazırlaşırsınızsa, körpənizin sağlamlığı üçün möhkəm əsası elə indi qoya bilərsiniz. Bu toxum hüceyrəsinin mayalanma şansını yüksəldəcək və gələcək embrionun harmonik inkişafını təmin edəcək.
Buna görə də, hamiləliyin artıq 1-ci həftəsində öz həyat tərzinizə xüsusi diqqət yetirin:
-
Siqaret çəkməkdən imtina edin;
-
Spirtli içkilər qəbul etməyin;
-
Həyat və iş şəraitinin nə dərəcədə əlverişli olduğunu qiymətləndirin;
-
Həkim dərman vasitələri təyin edibsə, hamiləliyin planlaşdırılması zamanı onları qəbul etməyin mümkün olub olmadığı ilə maraqlanın;
-
1-ci həftədə, xüsusilə də, çanaq və qarın nahiyəsinin rentgen müayinəsindən çəkinməyə çalışın;
-
Viruslu xəstəliklərin profilaktikası məqsədi ilə böyük sayda insanın toplaşdığı yerlərə getməyin;
-
Düzgün qidalanmağa başlayın – böyük miqdarda qəhvə, tünd çay, şokolad və qazlı içkilərdən imtina edin;
-
Hamilələr üçün vitamin kompleksi qəbul edin;
-
Stress və həddindən artıq yorulmaya yol verməyin.